# Öləndən sonra cənnətə gedəcəyimə necə əmin ola bilərəm?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/ol%c9%99nd%c9%99n-sonra-c%c9%99nn%c9%99t%c9%99-ged%c9%99c%c9%99yim%c9%99-nec%c9%99-%c9%99min-ola-bil%c9%99r%c9%99m/
- Опубликовано: 2022-05-25T12:14:27+04:00
- Автор: thecasper

Sən əbədi həyatının olduğuna və öldükdən sonra cənnətə gedəcəyinə əminsənmi? Allah
istəyir ki, sən əmin olasan! Müqəddəs Kitab deyir, “Bunları Allahın Oğlu adına iman
edən sizlərə yazdım ki, siz əbədi həyata malik olduğunuzu biləsiniz” (1Yəhya 5:13).
Təsəvvür et ki, indi sən Allahın qarşısında dayanmısan və O səndən soruşur, “Nə 
üçün səni cənnətə buraxmalıyam?” Nə cavab verəcəksən? Ola bilər ki, necə cavab verəcəyini
bilmirsən. Öyrənməli olduğun şey budur ki, Allah bizi sevir və əbədi həyatımızı 
harada keçirəcəyimizə əmin olmağımız üçün bizə yol təmin edib. Müqəddəs Kitab bunu
belə təsdiq edir, “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu
ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı
olsun” (Yəhya 3:16).

İlk növbədə bizi cənnətə getməkdən saxlayan problemi anlamalıyıq. Problem budur –
bizim günahlı təbiətimiz bizi Allahla ünsiyyətdən saxlayır. Biz təbiətən və seçimdə
günahkarıq. “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır” (Romalılara
3:23). Biz özümüzü xilas edə bilmərik. “Zira Allahın lütfü ilə imanla xilas oldunuz
və bu, sizdən asılı deyil, Allahın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kim 
öyünməsin” (Efeslilərə 2:8-9). Biz ölümə və cəhənnəmə layiqik. “Çünki günahın əvəzi
ölümdür” (Romalılara 6:23).

Allah müqəddəsdir, ədalətlidir və günahı cəzalandırmalıdır. Lakin buna baxmayaraq,
O bizi sevir və günahlarımızın bağışlanmasını təmin etmişdir. İsa dedi: “Yol, həqiqət
və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” (
Yəhya 14:6). İsa çarmıxda bizim üçün öldü: “Çünki saleh olan Məsih də qeyri-salehlər
uğrunda günahlar üçün bir dəfə əzab çəkdi ki, bizi Allaha yaxınlaşdırsın” (1Peter
3:18). İsa ölülərdən dirildi: “İsa bizim təqsirlərimiz üçün təslim olundu və bizim
saleh sayılmağımız üçün dirildildi” (Romalılara 4:25).

Beləliklə, əsas suala qayıdaq – “Öləndən sonra cənnətə gedəcəyimə necə əmin ola 
bilərəm?” Cavab budur – Rəbb İsa Məsihə iman et, xilas olarsan (Həvarilərin İşləri
16:31). “Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə Allahın oğulları
olmaq haqqını verdi” (Yəhya 1:12). Sən əbədi həyatı PULSUZ ənam kimi əldə edə bilərsən.“
Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23). Sən elə
indi dolğun və mənalı həyat yaşaya bilərsən. İsa dedi: “Mən isə gəldim ki, qoyunlarımda
həyat, bol həyat olsun” (Yəhya 10:10). Sən əbədiyyəti İsa ilə cənnətdə keçirə bilərsən,
İsa söz verdi: “Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm
ki, Mən haradayamsa, siz də orada olasınız” (Yəhya 14:3).

Əgər sən İsa Məsihi Xilaskar kimi qəbul etmək və Allahdan bağışlanma almaq istəyirsənsə,
aşağıdakı duanı edə bilərsən. Bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız
Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə
ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən
bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih 
mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm.
Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə
və əfvinə görə minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə,
xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.