# Müqəddəs Kitab həqiqətən Allahın Sözüdürmü?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/muqeddes-kitab-heqiqeten-allahin-sozudurmu/
- Опубликовано: 2022-05-25T12:35:55+04:00
- Автор: thecasper

Bu suala olan cavabımız yalnız bizim Müqəddəs Kitaba olan baxışımızı və həyatımızdakı
vacibliyini müəyyən etməyəcək, lakin həmçinin nəticə etibarı ilə bizim üzərimizdə
əbədi təsiri olacaq. Əgər Müqəddəs Kitab həqiqətən Allahın Sözüdürsə, onda biz ona
ümid bəsləməli, öyrənməli, tabe olmalı və inanmalıyıq. Əgər Müqəddəs Kitab Allahın
Sözüdürsə, deməli biz onu özümüzdən uzaqlaşdırsaq, Allahın Özünü uzaqlaşdırmış oluruq.

Allahın Müqəddəs Kitabı bizə verməsi faktı Onun bizə olan məhəbbətinin sübutu və
təsviridir. “Vəhy” ifadəsinin mənası – Allahın bəşəriyyətə Özünün necəliyini göstərməsi
və Onunla necə düzgün ünsiyyətdə olmaq üçün əlaqə yaratmasıdır. Allah bu şeyləri
bizə ilahi yolla Müqəddəs Kitabda açıqlamasaydı, biz bunları bilməzdik. Baxmayaraq
ki, Allahın Özünü açıqlaması vəhyi Müqəddəs Kitabda təxminən 1500 il ərzində verilmişdir,
O hər zaman insanın Allahla düzgün ünsiyyətdə olması üçün Allahı tanımağa ehtiyacı
olduğunu bildirmişdir.

Bizim özümüzə verməli olduğumuz sual budur: mən Müqəddəs Kitabın sadəcə yaxşı bir
kitab deyil, Allahın Sözü olduğunu necə öyrənə bilərəm? Müqəddəs Kitabı bu günə 
qədər yazılmış digər ruhani kitablardan fərqləndirən qeyri-adiliyi nədədir? Müqəddəs
Kitabın həqiqətən Allahın Sözü olduğuna dair hansısa sübut varmı? Əgər biz Müqəddəs
Kitabın Allahın Sözü olub-olmadığını dəqiqliklə yoxlasaq, bizdə bu tip suallar yaranacaq.
Müqəddəs Kitab ruhdan ilhamlanmış, iman etmək və təcrübədən keçirmək üçün tamamilə
kifayət edən Allahın həqiqi Sözüdür.

Müqəddəs Kitabın Allahın Sözü olması faktına heç bir şübhə olmamalıdır. Bu 2 Timoteyə
3:15-17-də aşkar görünür, “Müqəddəs Yazıları da uşaqlıqdan etibarən bilirsən. Bu
Yazılar, Məsih İsaya iman vasitəsilə sənə xilas gətirən hikməti verməyə qadirdir.
Hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi
üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin.”

Bu suallara cavab vermək üçün biz Müqəddəs Kitabın Allahın Sözü olması barəsindəki
daxili və xarici sübutlara nəzər salmalıyıq. Daxili sübutlar o sübutlardır ki, Müqəddəs
Kitab özü-özünün müqəddəsliyinə şəhadət edir. Müqəddəs Kitabın həqiqətən Allahın
Sözü olmasına dair ilk daxili sübut onun birliyidir. Müqəddəs Kitab 66 ayrı-ayrı
kitabdan ibarətdir. O üç kontinendə, üç ayrı dildə, təxminən 1500 il ərzində və 
40-dan çox müəllif (müxtəlif həyat tərzinə malik olan insanlar) tərəfindən yazılmasına
baxmayaraq, başlanğıcdan sonadək yeganə bir kitab kimi qalıb. Bu nadir birlik Müqəddəs
Kitabı digər kitablardan fərqləndirir və sübut edir ki, bu kitab Allahın idarə etdiyi
və ilhamlandırdığı insanlar tərəfindən yazılıb.

Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğunu göstərən digər daxili sübut, onun
peyğəmbərliklərdən ibarət olmasıdır. Müqəddəs Kitabda, İsrail də daxil olmaqla, 
hər hansı bir xalqın gələcəyi, müəyyən bir şəhərin gələcək aqibəti, bəşəriyyətin
gələcəyi, Məsihin yer üzündə doğulması və yalnız İsrailin deyil, bütün Ona iman 
edənlərin Xilaskarı olacağı haqqındakı peyğəmbərliklər təfərrüatı ilə verilmişdir.
Digər ruhani kitablardan – Nostradamusun peyğəmbərliklərindən fərqli olaraq, biblik
peyğəmbərliklər təfərrüatı ilə verilmiş və həmişə həyata keçmişdir. Təkcə Əhdi-Ətiqdə
İsa Məsihlə əlaqədar olan 300-dən çox peyğəmbərliklər var. Yalnız onun doğulması
və hansı ailədən gələcəyi haqqında deyil, həmçinin onun ölməsi və üç gündən sonra
dirilməsi haqqında məlumatlar da qabaqcadan deyilmişdir. Müqəddəs Kitabın Allahdan
olduğunu izah etmək üçün həyata keçmiş peyğəmbərliklərdən başqa məntiqi yol yoxdur.
Heç bir başqa ruhani kitablarda Müqəddəs Kitabda olduğu kimi qabaqcadan söylənmiş
peyğəmbərliklər mərhələlərlə verilməyib.

Müqəddəs Kitabın ilahiliyinin üçüncü daxili sübutu onun səlahiyyəti və gücüdür. 
Bu əvvəlki iki daxili sübutdan daha fərdi olduğu üçün, Müqəddəs Kitabın ilahiliyinə
daha güclü şəhadətdir. Müqəddəs Kitab bu günə qədər yazılmış bütün kitablardan fərqli
olaraq nadir səlahiyyətə malikdir. Bu səlahiyyət və güc özünü Müqəddəs Kitabı oxumaqla
saysız həyatların dəyişilməsində göstərir. Müqəddəs Kitabı oxumaqla narkotik maddələrə
alüdə olan insan şəfa tapır, homoseksual azad olur, atılmışlar, əldən düşmüşlər 
və qatı cinayətkarlar Onun vasitəsilə dəyişilir, günahkarlar məzəmmət olunur, nifrət
məhəbbətə çevrilir. O təsiredici və dəyişdirici qüvvəyə malikdir, çünki O həqiqətən
Allahın Sözüdür.

Müqəddəs Kitabın həqiqətən Allahın Kəlamı olmasına dair daxili sübutlardan başqa
xarici sübutlar da var. Bu sübutlardan biri Müqəddəs Kitabın tarixiliyidir. Çünki
Müqəddəs Kitabdakı tarixi hadisələrin detallarının həqiqiliyi və düzlüyü onu başqa
tarixi sənədlərdən fərqləndirən sübutdur. Arxeoloji sübutlar və digər yazılı sənədlər
vasitəsilə onun həqiqiliyi və düzlüyü dəfələrlə sübut olunmuşdur. Yeri gəlmişkən,
bütün arxeoloji sübutlar və əlyazmalar Müqəddəs Kitabın qədim dünyadan olan ən yaxşı
sənədləşdirilmiş kitab olduğunu müdafiə edir. Müqəddəs Kitabdakı tarixi hadisələrin
dəqiqliyi onun həqiqiliyinə işarədir. Bu ruhani mövzu və doktrinlərə nəzərən onun
həqiqətən Allahın Sözü olduğunu sübut edir.

Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğuna dair xarici sübutlardan biri də
onun müəlliflərinin qətiyyətidir. Əvvəldə qeyd olunduğu kimi, Allah Öz Sözünü bizə
çatdırmaq üçün müxtəlif həyat tərzinə malik olan insanlardan istifadə etmişdir. 
Bu müəlliflərin həyatları haqqında oxuyarkən onların düzgün və səmimi olmadıqlarına
inanmaq üçün heç bir səbəb yoxdur. Onların həyatlarına və inandıqları şeyə görə 
ölməyə hazır olmaları faktına nəzər saldıqda, dərhal bu sadə və səmimi insanların
Allahın onlarla həqiqətən danışdığına inandıqları məlum olur. Əhdi-Cədidin müəllifləri
və yüzlərlə digər imanlılar öz mesajlarının həqiqiliyini bilirlər, çünki Onlar İsa
Məsihi ölüb diriləndən sonra görmüş və Onunla vaxt keçirmişdilər (1 Korinflilərə
15:6). Məsihin dirilməsinin şahidi olmaq bu insanların həyatında çox böyük təkan
olmuşdu. Müəlliflər Allahın onlara açıqladığı açıqlamalara görə ölməyə də hazır 
idilər. Onların həyatı və ölümü Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğuna
sübutdur.

Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğuna dair sonuncu xarici sübut Müqəddəs
Kitabın pozulmazlığıdır. Bu səbəbdən də o tarixdəki bütün kitablardan daha çox yanlış
tənqidlərə məruz qalır və onu məhv etməyə cəhd göstərirlər. Müqəddəs Kitab – Roma
imperatoru Diokletiandan tutmuş kommunist diktatorları və müasir günün ateistlərinə
qədər onların tənqidlərinə müqavimət göstərmiş və davam gətirmişdir, bu günə qədər
də dünyada ən çox çap olunan kitabdır.

Tarixboyu skeptiklər Müqəddəs Kitabın mifologiya olduğunu demişlər, lakin arxeologiya
onun tarixiliyini təsdiqləmişdir. Tənqidçilər onun təlimini primitiv və köhnəlmiş
hesab etmişdilər, lakin onun təlimi, mənəvi və qanuni anlayışları bütün dünya ictimaiyyətinə
və mədəniyyətlərinə müsbət təsir etmişdir. O hələ də bir çox alimlər, psixoloqlar
və siyasi hərəkatlar tərəfindən tənqidə məruz qalsa da, öz dəqiqliyini və müvafiqliyini
yazıldığı ilk gündə olduğu kimi, bu gün də saxlamaqdadır. Bu kitab 2000 il ərzində
saysız insanların həyat və mədəniyyətlərini dəyişmiş kitabdır. Tənqidçilər onu məhv
etmək və nüfuzdan salmaq istəsələr də, o, hücumdan əvvəl olduğu kimi öz güclülüyünü,
həqiqiliyini və müvafiqliyini qoruyub saxlamışdır. Ona olan bütün hücumlar şəhadət
edir ki, o həqiqətən Allahın Sözüdür. Hücumlara məruz qalmasına baxmayaraq, onun
dəyişilməz və toxunulmaz qalması bizi təəccübləndirməməlidir. Bütün bunlara baxmayaraq,
İsa deyib, “Göy və yer keçib gedəcək, amma Mənim sözlərim keçib getməyəcəkdir” (
Mark 13:31). Sübutlara baxandan sonra hər kəs şübhəsiz deyə bilər: “Bəli, Müqəddəs
Kitab həqiqətən Allahın Sözüdür.”