# Mən indicə İsaya iman etmişəm…sonra nə?

- Ссылка: https://xilasinyolu.site/ru/faqs/men-indice-isaya-iman-etmisem-sonra-ne/
- Опубликовано: 2022-05-25T11:05:01+04:00
- Автор: thecasper

**Mən indicə İsaya iman etmişəm…sonra nə?**

Təbriklər! Sən həyatdəyişdirici bir qərar verdin! Güman ki, sən soruşursan, “Sonra
nə? Mən Allahla öz səyahətimi necə başlayım?” Aşağıda adları qeyd olunan beş addım
sizə Müqəddəs Kitabdan istiqamət verəcək. Səyahətin zamanı sualların yaranarsa, 
www.GotQuestions.org-a müraciət edə bilərsən.

**1. Xilasın nə olduğunu başa düşdüyünə əmin ol.**

1 Yəhya 5:13-də deyilir ki, “Bunları Allahın Oğlu adına iman edən sizlərə yazdım
ki, siz əbədi həyata malik olduğunuzu biləsiniz.” Allah istəyir ki, biz xilasın 
nə olduğunu başa düşək. Allah istəyir ki, bizdə xilas olduğumuza dair əminlik olsun.
Qısaca, xilasın əsas incəliklərinə nəzər salaq:

(a) Biz hamımız günah işlətmişik. Biz hamımız Allahı narazı salan şeylər etmişik(
Romalılara 3:23).

(b) Günahlarımızın nəticəsində biz Allahdan əbədi ayrı düşmək cəzanı qazanmışıq (
Romalılara 6:23).

(c) İsa çarmıxda öldü ki, bizim günahlarımızın əvəzini ödəsin (Romalılara 5:8; 2
Korinflilərə 5:21). İsa bizim əvəzimizə öldü ki, layiq olduğumuz cəzanı götürsün.
Onun dirilməsi sübut etdi ki, İsanın ölümü günahlarımızın əvəzini ödəməyə kifayətdir.

(d) Allah İsaya iman edən – ölümü ilə günahlarımızın əvəzini ödəyənə etibar edən
hər kəsə bağışlanma və xilası hədiyyə etdi (Yəhya 3:16; Romalılara 5:1; Romalılara
8:1).

Bu xilas mesajıdır! Əgər İsa Məsihə öz Xilaskarın kimi iman etdinsə, artıq sən xilas
oldun. Sənin bütün günahların bağışlandı və Allah vəd verir ki, heç vaxt səni buraxmayacaq
və tərk etməyəcək (Romalılara 8:38-39; Matta 28:20). Yadda saxla ki, sənin xilasın
İsa Məsihdə təmin olunub (Yəhya 10:28-29). Əgər sən İsaya Xilaskarın kimi güvənirsənsə,
əbədiyyəti göylərdə Allahla birgə keçirəcəyindən əmin ola bilərsən!

**2. Müqəddəs Kitabı öyrədən yaxşı cəmiyyət tap.**

Düşünmə ki, cəmiyyət bir binadır. Cəmiyyət insanlardır. İsa Məsihə iman edən imanlıların
bir-biri ilə ünsiyyətdə olması çox vacibdir. Bu cəmiyyətin ən əsas məqsədlərindən
biridir. İndi İsa Məsihə inandığın bir məqamda biz səni Müqəddəs Kitaba iman edən
cəmiyyət tapmağa və pastorla söhbət etməyə ruhlandırırıq. Ona İsa Məsihə olan yeni
imanın haqqında bildir.

Cəmiyyətin ikinci məqsədi Müqəddəs Kitabı öyrətməkdir. Sən Allahın istiqamətləndirməsini
öz həyatına necə tətbiq etməyi öyrənə bilərsən. Müqəddəs Kitabı anlamaq müvəffəqiyyətli
və güclü məsihçi həyatı üçün açardır. 2 Timoteyə 3:16-17 deyir, “Hər Müqəddəs Yazı
Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır
ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin.”

Cəmiyyətin üçüncü məqsədi ibadət etməkdir. İbadət bütün etdiklərinə görə Allaha 
minnətdarlıqdır! Allah bizi xilas etmişdir. Allah bizi sevir. Allah bizi təmin edir.
Allah bizə yol göstərir və bizi istiqamətləndirir. Biz ona necə minnətdar olmaya
bilərik? Allah müqəddəs, saleh, sevən, mərhəmətli və lütflə doludur. Vəhy 4:11 bəyan
edir ki, “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. 
Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı.”

**3. Hər gün fikrini Allaha yönəltmək üçün vaxt ayır.**

Hər gün fikrimizi Allahda cəmləşdirmək üçün Allahla vaxt keçirməyimiz çox vacibdir.
Bəzi adamlar buna “sakit vaxt” deyir. Digərləri isə bunu “həsr etmə” adlandırır,
çünki bu özümüzü Allaha həsr etdiyimiz vaxtdır. Bəziləri bu vaxtı səhər, digərləri
isə axşam keçirməyə üstünlük verirlər. Bu vaxtı necə adlandırmağın və yaxud nə vaxt
keçirməyin heç bir fərqi yoxdur. Ən əsası odur ki, siz Allahla daimi olaraq vaxt
keçirəsiniz. Bizim Allahla keçirdiyimiz vaxta nə daxildir?

(a) Dua. Dua Allahla söhbətdir. Öz qayğıların və problemlərin haqda Allahla bölüş.
Allahdan xahiş et ki, sənə müdriklik versin və səni idarə etsin. Allahdan xahiş 
et ki, sənin ehtiyaclarını təmin etsin. Allaha Onu nə qədər sevdiyini və Ona sənin
üçün etdiklərini nə qədər qiymətləndirdiyini de. Dua bunlardan ibarətdir.

(b) Müqəddəs Kitabı oxumaq. Müqəddəs Kitabı cəmiyyətdə, Rəbbin Günü məktəbində və
yaxud Müqəddəs Kitab dərslərində öyrənməkdən əlavə özün də oxumalısan. Müqəddəs 
Kitab necə müvəffəqiyyətli məsihçi həyatı yaşamağı öyrənmək üçün ehtiyacın olan 
şeylərdən ibarətdir. O, necə müdrik qərar vermək üçün Allahın yönləndirməsindən,
Allahın iradəsini öyrənməkdən, başqalarına necə xidmət etməkdən və necə ruhən böyüməkdən
ibarətdir. Müqəddəs Kitab Allahın bizə olan Sözləridir. Müqəddəs Kitab Allahı öz
həyatlarımızla razı salmaq və məmnun etmək üçün əhəmiyyətli təlimatdır.

**4. Ruhən sənə kömək edə biləcək insanlarla ünsiyyətini inkişaf etdir.**

1 Korinflilərə 15:33 bizə deyir ki, “Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar.”
Müqəddəs Kitab “pis” insanların bizə edə biləcəyi təsirlərə qarşı xəbərdarlıqlarla
doludur. Günahlı işlərlə məşğul olan insanlarla vaxt keçirmək bizim də sınağa düşməyimizə
səbəb ola bilər. Onların xasiyyətləri bizə təsir edə bilər. Buna görə ətrafımızı
Rəbbi sevən və Ona bağlı olan insanların əhatə etməsi çox vacibdir.

Özünə eyni cəmiyyətdən sənə kömək edə və səni ruhlandıra biləcək bir və ya iki dost
tapmağa çalış (İbranilərə 3:13; 10:24). Dostlarından sakit vaxtını keçirməkdə, işlərində
və Allahla yeriməyində sənə qarşı məsuliyyətli yanaşmağı xahiş et. Sənin də eyni
şeyi onların həyatında edə bilib-bilməyəcəyini soruş. Bu o demək deyil ki, Rəbb 
İsaya Xilaskarı kimi iman etməyən dostlarına münasibətdə də bunu etməlisən. Onların
dostları olmağa və onları sevməyə davam et. Onlara sadəcə İsanın sənin həyatını 
necə dəyişdiyini göstər və əvvəllər etdiyin şeyləri artıq edə bilməyəcəyini de. 
Allahdan xahiş et ki, İsa barədə bölüşmək üçün sənə imkanlar yaratsın.

**5. Vəftiz ol.**

Çox insanların vəftiz haqqında yanlış anlayışları var. “Vəftiz” sözünün mənası suya
batırılmadır. Vəftiz Məsihə olan yeni imanının açıq şəkildə elan olunması və Onu
izləyəcəyinə dair verdiyin vədin Biblik yoludur. Suya batırılma hərəkəti sənin Məsihlə
birlikdə dəfn olunmağını, sudan çıxarılma isə Məsihin dirilməsini nümayiş etdirir.
Vəftiz olunmaq özünü Məsihin ölümünə, dəfn olunmasına və dirilməsinə bənzətməkdir(
Romalılara 6:3-4).

Vəftiz səni xilas etmir. Vəftiz günahlarını yumur. Vəftiz – xilas olmaq üçün yalnız
Məsihə güvəndiyini açıq elan edən itaətkarlıq addımıdır. Vəftiz olmaq çox vacibdir,
çünki bu itaətkarlıq – Məsihə iman etdiyini və Onunla əhd bağladığını açıq elan 
edən addımdır. Əgər sən vəftiz olmağa hazırsansa, pastorla bu haqda danışmalısan.