# Rəbdə həmişə sevinin!

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/r%c9%99bd%c9%99-h%c9%99mis%c9%99-sevinin/
- Опубликовано: 2021-09-06T23:27:29+04:00
- Автор: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,bugün sizə çatdırdığım
Rəbb Allahın sözü sizin həyatınıza Rəbbin gücünü,qüdrətini gətirsin. Rəbbin sözünün
mahiyyəti sizin üçün açılsın,gündəlik həyatda hər bir vəziyyətdə və münasibətdə 
bu sözünün icraçısı olasınız. Rəbbin sözü nə deyirsə və məsləhət verirsə,eyni cür
hərəkət edəsiniz. Çünki Rəbb Allahın sözü Ona iman edən hər kəs üçün faydalıdır,
şəfa verəndir,azad edəndir,genişliyə çıxarandır.
 Filiplilərə məktub 4:4-7: “Rəbdə
həmişə sevinin! Bir də deyirəm: sevinin! Rəbb Allahın sözü bizə deyir ki,sevin. 
Çünki sən Məsihə iman edən və pənah gətirən şəxssən. Rəbbin sözü deyir ki,biz sevinc
haqqında daha çox düşünək və sevinək. Nəyə görə sevinək? Günahların bağışlandığına
görə sevin. Məsih İsaya iman etdiyin üçün malik olduğun əbədi həyata görə sevin.
Hər gün sənin həyatında Rəbb Allah olduğuna görə sevin. Sevin ki, aciz və zəif deyilsən.
Rəbb Allah səni təmin edəndir ki,sən bu həyatda nə etdiyini,necə etdiyini və nə 
üçün etdiyini biləsən. Bunlara görə sevin. Qoy sənin həyatın bayrama, şənliyə çevrilsin.
Rəbb sizinlədir,Külli-İxtiyar sizə dəstək olur. Rəbb Allahın övladı olduğuna görə
sevin. Rəbb Allahın sözü deyir ki,sən Rəbbin qarşısına gəldikdə bu cür düşüncəyə
malik ol və sənin bu düşüncən həyatına sevinc gətirir. Həyəcanı, qayğını,qorxunu
həyatından ataraq,”Allah mənimlədir” düşüncəsi ilə silahlanaraq bu həyat qarşısında
aciz deyil,bacarıqlı,hər vəziyyətdə çıxış yolunu bilən,Rəbbə arxalanaraq Onun sevgisi
ilə yaşayan insan olasan. Filiplilərə məktub 4:5:”Qoy sizin mülayimliyiniz bütün
insanlara məlum olsun. Rəbb yaxındır.” Mülayim – həlim, xoşniyyətli,mehriban deməkdir.
Rəbb deyir ki,bu tərzdə yaşa. Ətrafımızda mülayim olmayan çoxlu insanlar var. Bunun
səbəbi isə onların qayğıları,narahatlıqlarıdır ki, onların kobud davranışına səbəb
olur. Onlar istəyirlər,amma əldə edə bilmirlər. İnsanlar həyatda mülayimliklərini
itirirlər,çünki onlar Rəbbə malik deyillər. Onlar Rəbb Allaha malik olmadıqlarına
görə,Onda olan rahatlığa və dincliyə malik olmadıqlarına görə kobud,kəskin olurlar.
Rəbbin sözü sənə deyir ki,O,yaxındır. Qoy sənin mülayimliyin daxilində olmasın, 
bütün həyatında aşkar edilsin. Sənin həlim ürəkli olmağın insanlar arasında görünsün.
Xoşniyyətli ol. İnsanlara münasibətdə, davranışda mülayim ol. Qoy sənin insanlar
haqqında danışdığın və dediyin sözlərdə mülayimliyin görünsün. İnsanlar haqqında
danışanda sülh gətirən,mehriban sözlər de. Sən Rəbb Allaha yaxınlaşan,özünü Məsihə
yaxınlaşan insan kimi davran. Həlim ürəkli gəzdiyin qoy bəlli olsun. Filiplilərə
məktub 4:6:”Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla,
yalvarışlarla, şükür edə-edə bildirin.” Rəbb deyir ki,heç nəyin narahatlığını çəkmə.
Bugünün,sabahın, 10 il sonranın qayğısına qalma. Sənin narahatlığında nə varsa,dualarında
ümidlə,şükür edə-edə Rəbbə bildir. Hər bir insan bu həyatda qayğı göstərir. Qayğı
həyatın rifahı üçün edilən fəaliyyətdir. İnsan öz həyatının müsbət dəyişiklikləri
haqqında,təmin olunması haqqında düşünür. Qayğı insanlarda fikir çəkmək, narahat
olmaqlarına səbəb olur. Bu cür fikirlər insanda dərdə çevrilir. İnsanlar baş vermiş
hadisələri gördükdə öz hallarına yanırlar. Hazırda internetdə faciələr haqqında 
çoxlu xəbərlər yayılır. İnsanlar qorxub özləri üçün narahat olurlar,”necə olacaq?
Nə baş verəcəkdir?” deyə düşünürlər. Bütün qayğılarını dua ilə, yalvarış ilə,şükür
ilə Rəbbə bildir. Sənin həyatında olan qayğı dərd,qüssə,qəm gətirəndir. Qayğıda 
bilməməzlik qorxusu var ki,bu da insanı narahat edir. Yerin və Göyün sahibi olan
Rəbb Allah deyir ki, özünü qüssəyə bürümə,azad ol. Bütün qayğı yükünü Rəbbin ixtiyarına
ver,çünki O, qayğı çəkəndir. Rəbbin qarşısına gəl və şükürlə öz qayğılarını bildir,
çünki dünən sənin qayğına qalan Rəbb Allah sabah da səni təmin edəcək. Filiplilərə
məktub 4:7:”Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih 
İsada qoruyacaq.” Bu yol ilə Rəbb sənin ürək niyyətini Məsih İsada qoruyur,saxlayır
və inkişaf etdirir. Sənə ağırlıq,əziyyət verən hər bir problem üçün dua et. Bütün
ehtiyaclarını,yükünü Rəbbə ver. Qoy sənin duan qəmli olmasın, çünki Rəbb Allah sənə
yaxındır. Şükür edə-edə,şən və xoş ürəklə Rəbbə ehtiyaclarını bildir,çünki səni 
təmin edən,qayğına qalan,gündəlik ailənə azuqə gətirən Odur. Rəbb yaxındır. Bütün
qayğı yükümüzü,bizi narahat edən məsələləri Ona verdikdə, bizim düşüncələrimizi 
qoruyur,çünki bu zaman biz Rəbbə etibar edirik. Rəbb Allaha ehtiyaclarımızı bildirmək
Ona etibar etdiyimizin göstəricisidir. Duanı bitirdikdən sonra ayağa qalx və de:”
Mənim qayğıma qaldığına görə Sənə minnətdaram.” Qoy Rəbb Allahın bu sözü sənin həyatında
öz yerini tutsun. Onda Rəbbin ağlagəlməz sülhü,dincliyi,əminliyi sənin ürəyini,düşüncələrini
Məsih İsada qoruyacaqdır. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

**Müəllif:_ İdris Azəri_**