# Müqəddəs Kitab İncil – Paulun Romalılara Məktubu 2:1-16

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/muqeddes-kitab-incil-paulun-romalilara-mektubu-2-1-16/
- Опубликовано: 2023-08-03T12:24:55+04:00
- Автор: rmzsmyl

Paulun Romalılara Məktubu | Fəsil 2

**Allahın ədalətli hökmü**

1. Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən.
Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını 
mühakimə etdiyin halda özün də həmin işləri görürsən.
 2. Bizsə bilirik ki, belə
işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır. 3. Ey belə işlərlə məşğul
olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən
ki, Allahın hökmündən qaça biləcəksən? 4. Yaxud sən Allahın zəngin xeyirxahlığına,
həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı
səni tövbəyə yönəldir? 5. Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir 
olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan;
6. Allah hər kəsə əməlinə görə əvəzini verəcək: 7. dözümlə yaxşı əməl sahibi olaraq
izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, 8. özlərini göstərərək həqiqətə
tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək. 9. Pislik edən
hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı, 10. yaxşı əməl 
sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət,
hörmət və sülh verəcək. 11. Çünki Allah insanlar arasında tərəfkeşlik etməz. 12.
Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu
bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq. 13. Çünki Allahın nəzərində
Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır. 14. Beləcə Qanuna malik 
olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları
halda onlar özləri üçün qanun olur. 15. Onlar bununla göstərirlər ki, Qanunun tələbləri
ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham,
gah da müdafiə edir. 16. Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə
insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq.

**[Dinlə](https://on.soundcloud.com/9xB9i) – ****İdris Məmmədov**