# Müqəddəs Kitab | İncil | Paulun Romalılara Məktubu 1:1-15

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/muqeddes-kitab-incil-paulun-romalilara-mektubu-11-15/
- Опубликовано: 2023-07-31T12:37:04+04:00
- Автор: rmzsmyl

**Paulun Romalılara Məktubu | Fəsil 1**

1. İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş
mən Pauldan salam!
 2. Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən
vəd etdiyi o Müjdə 3-4. Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir,
müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə
elan olundu. 5. Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı 
naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq. 6. Siz də İsa
Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. 7. Romada yaşayan,
Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb
İsa Məsihdən lütf və sülh olsun!

**Paulun Romaya getmək arzusu**

8. Hər şeydən əvvəl, hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür edirəm ki,
imanınız bütün dünyada elan olunur.
 9. Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə
ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram. 10. Dualarımda
həmişə yalvarıram ki, Allahın iradəsi ilə nəhayət yanınıza gəlməyə nail olum. 11.
Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna
görə də sizi görmək üçün həsrət çəkirəm. 12. Daha doğrusu, mən aranızda olarkən 
bir-birimizin imanı ilə qarşılıqlı halda ruhlanaq. 13. Ey qardaşlar, bixəbər olmağınızı
istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda
da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam,
amma indiyədək maneələrə rast gəldim. 14. Mən həm Yunanlara, həm də barbarlara, 
həm aqillərə, həm də cahillərə borcluyam. 15. Bu səbəbdən mən Romada yaşayan sizlərə
də bacardığım qədər Müjdəni yaymağa həvəsim var.

**[Dinlə](https://soundcloud.com/alovbirliyi/muqeddes-kitab-incil-kitabi-paulun-romalilara-mektubu-1-1-15)–****
İdris Məmmədov**