# İsa Məsihin surətinə yaxınlaşaq

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/isa-m%c9%99sihin-sur%c9%99tin%c9%99-yaxinlasaq/
- Опубликовано: 2021-09-06T23:23:39+04:00
- Автор: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın iradəsi bizim yer
üzündə yaşadığımız ömür boyu Onun xoş iradəsini görmək,həyatdan kam almaq və əbədi
həyatı verməkdir. Çünki Rəbb Allah Müqəddəs Kitab vasitəsi ilə bizə bu təminatı 
verdi. Müqəddəs Kitabın səhifələrində Rəbbin xoş niyyətini,bizə olan iradəsini,xasiyyətini
görürük və bilirik ki, bunların hamısı bizim həyatımıza fayda üçündür,xeyir-dua 
gətirmək üçündür. Müqəddəs Kitab bizə verilib ki,bizə bu həyatı yaşamaq və həyatdan
kam almaq üçün təmin etsin. Rəbb Allahın sözü təminatdır. Rəbb Allaha yaxınlaşan
hər birimiz də Onun iradəsinə və sözünə görə uyğunlaşıb yaşamalıyıq
 Romalılara 
məktub 8:28-29:”Biz bilirik ki,hər şey birlikdə Allahı sevənlərin,Onun məqsədinə
görə çağırılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz
Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O,çoxlu qardaş arasında
ilk doğulan olsun;”. Biz Müqəddəs Kitab vasitəsi ilə bunları öyrəndik,O,Öz iradəsini
Müqəddəs Kitab vasitəsi ilə aşkar etdi. Rəbb Allahın iradəsini,xoş arzusunu Müqəddəs
Kitabda oxuya bilərsən. Hər bir çətinlikdə,sıxıntıda Müqəddəs Kitab vasitəsi ilə
Rəbbin niyyətinə bələd ola bilərsən. Ona görə də yazılıb ki,biz hər şeyin bizim 
xeyrimizə işlədiyini bilirik. Çünki Rəbb Allahın iradəsi bizə yaşadığımız həyatdan
kam almağımız, Rəblə yaşayaq,Ona güvənək və həyatdan zövq alaq. Biz bəzən hər hansı
məsələdə özümüzü itiririk və fikirləşirik ki,niyə belə oldu və ya niyə baş verdi?
Bu sualları düşünürük və özümüz cavablamağa çalışırıq. Müqəddəs Kitab sənin bütün
suallarına cavab verəndir. Bütün hadisələr Rəbbi sevənlərin xeyrinədir. Bütün varlığınla,
ürəyinlə,gücünlə səni Öz Oğlunun surətində olmağa çalışanı sev. Sənin sevgin ancaq
sözlərlə kifayətlənməsin, Rəbbə göstərdiyin güvəndə sənə bəlli olsun. Həyatda indi
təqiblərlə,təhqirlərlə, dedi-qodu,xəstəlik ilə üzləşsən də,Rəbb Allahı sev və bil
ki,sənin həyatında olanlar Rəbbin nəzarətindədir. İndi olduğun vəziyyətdə düşün 
ki,Rəbb Allahı nə qədər sevirsən? Ancaq sənə hədiyyə verəndə yoxsa çətinlikdə üzləşəndə
belə Rəbbi sevirsən? Rəbb deyir ki,bu sözlər Onu sevənlər üçündür. Olduğun hər bir
yerdə Onu sev. Sağlam və xəstə olanda Onu sev. Hər vəziyyətdə Rəbbin hüzuruna gəlməyə
heçnə və heç kim əngəl törətməsin. Rəbb Allahın qarşısına gəl və Onun hüzurunda 
ol. Sənin həyatında nə baş verirsə,sənin xeyrinədir. Çünki Rəbb Allah səni məqsədyönlü
şəkildə idarə edir. Rəbbin iradəsi və məqsədi insanların Öz Oğlunun surətində olmaqdır.
Romalılara məktub 8:30:”Əvvəlcədən təyin etdiyi adamları da çağırdı;çağırdığı adamları
da saleh saydı;saleh saydığı adamları da izzətləndirdi.” Bu,Rəbb Allahın sənə olan
münasibətidir. Rəbb səni hələ sən dünyaya gəlməmişdən öncə seçdi, istədi ki,Rəbbin
Oğlunun surətinə uyğunlaşmaq üçün təyin etdi. Uyğunlaşmaq – verilən nümunəyə uyğun
hala gəlmək,bənzəmək,eyni hala gəlməkdir. Rəbb istəyir ki,Müqəddəs Kitab vasitəsi
ilə biz Məsihin xasiyyətini,davranışını, münasibətini öyrənək və Ona uyğun yaşayaq.
Ona görə də Rəbb bizi çağırdı, saleh saydı və izzətləndirdi ki,tamamilə həyatında
üzləşdiyin hər bir vəziyyət sənin xeyrinə olsun,səni güclü,əmin,imanlı,Rəbb Allaha
güvənən və Onun məhəbbəti ilə dolan insanlar olaq. İsa necə idisə,Ona uyğunlaş,özünü
Ona bənzət. Ona yaxınlaşan hər kəs Ondan xeyir-dua,şəfa alırdı. Romalılara məktub
8:31-32:”Bəs bunlar barədə nə deyə bilərik?Əgər Allah bizimlədirsə,kim bizə qarşı
dura bilər? O Öz Oğlunu belə,əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə,
Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi? Əgər Rəbb Allahın bizə bu cür
münasibəti və yanaşması varsa,hələ biz dünyaya gəlməmişdən əvvəl bizi çağırıb və
seçibsə, bunlara əlavə daha nə ola bilər ki,üzləşdiyin çətinliklərdən,problemlərdən
qorxmayasan. Əgər Rəbb Öz Oğlunu əsirgəməyib qurban verdisə,sənin canını xilas etmək,
qorumaq, izzətləndirmək,xeyir-dua vermək üçün səni seçdisə, bundan əlavə nə deyək?
Əgər Rəbb Allah bunları səndən əsirgəmədisə, səncə sənin gündəlik ehtiyaclarını 
verməyəcək? Kim sənə qarşı dura bilər? Sənə qarşı deyilən heç bir haqsız söz,ittiham
öz yerini tutmayacaqdır,çünki sən özünü İsa Məsihə uyğunlaşdırıb Müqəddəs Yazılara
uyğun yaşayırsan. Bu cür yaşa. Rəbb səni bu həyata çağırdı,bu həyat möcüzəli həyatdır,
bu həyatın dadı Rəbbin səninlə olmasıdır. Bu həyatın dadını çıxar. Hər vəziyyətdə
Rəbb səninlədir, yanındadır. Sən də möhkəm sədaqətlə Rəbbə bağlan,Məsihin surətinə
uyğunlaşan tərzdə yaşa. Bu,Rəbb Allahın sənin üçün olan iradəsi və məqsədidir. Ailəndə,
dostlarının arasında,cəmiyyətdə Onun kimi olmağa çalış. Qoy Rəbb hər birinizə xeyir-
dua versin. Bu düşüncə ilə gününüzə başlayın,bütün ömrünüz boyu bu fikirlə yaşayasınız.
Unutmayın ki,Rəbbin sözü deyir:”Əgər Allah bizimlədirsə,kim bizə qarşı dura bilər?”
O Öz Oğlunu belə əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə
bütün şeyləri də bizə lütf edəcəkdir.

**Müəllif:_ İdris Azəri_**