# İsa Məsih kəffarə qurbanıdır

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/isa-m%c9%99sih-k%c9%99ffar%c9%99-qurbanidir/
- Опубликовано: 2021-09-06T23:48:41+04:00
- Автор: thecasper

Yeni bir sabahda qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizim
həyatımız üçün vacib olan,heçnə ilə müqayisə edilməyən həyat mənbəyidir. Çünki Rəbb
Allahın sözü hər şeyi Öz qüvvəsi ilə saxlayan və idarə edən Yaradan Rəbdən gələndir.
Rəbb Allahın sözü heçnədən hər şey Yaradandır,yoxluğu var edəndir. Bu söz bugün 
bizə xitab edilir. Rəbb Allahın xoş niyyətini İncildə görə bilərik. Rəbb istəyir
ki,sən yaşayasan,xoş günlər görəsən,xəstəlikdən və lənətdən azad olasan,günahlı 
istəkləri kənara ataraq tamamilə özünü Rəbb Allahın sözünə tabe etdirəsən. Çünki
bu,sənin üçün həyatdır. Rəbb Allah səni Öz vədləri ilə zənginləşdirmək və bərəkətli
etmək istəyir. Rəbb Allah sənə əbədi həyatı vermək istəyir. Rəbbin vədləri necə 
də gözəldir!
 İncilə xoş xəbər,Rəbbin məhəbbət və barışıq Müjdəsi deyirlər. Romalılara
3:22-25:”Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin
hamısına verilir. Heç kəsə fərq qoyulmur. Çünki hamı günah edib, Allahın izzətindən
məhrum olub və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə
kimi saleh sayılır. Rəbb Allahın sözü deyir ki,Allah salehlik yolunu Öz kitabı vasitəsi
ilə aşkar edir ki, salehliyə malik olmaq istəyən insan nə etsin? Onun təyin etdiyi
xilaskara – Məsih İsaya iman etsin. Çünki Məsihə iman edənlərin hamısına bu salehlik
verilir və Rəbb Allahın sözü deyir ki,heç kim arasında fərq yoxdur. Rəbb insanlar
arasında fərq qoymur və ayırmır. Lakin Səma altında yaşayan bütün millətlər,xalqlar,
tayfalar üçün Rəbbin iradəsi budur ki,insanlar yaşasın,həyatdan kam alsın,xoş günlər
görsün. Bunun üçün isə Rəbb Allaha yaxınlaşıb İncildə yazılan Rəbbin iradəsinə tabe
olaraq Məsih İsaya pənah gətirsin. Çünki bu vasitə ilə Rəbb Allah salehliyini aşkar
edir. Rəbb sənin günahlarını saymaq istəyində deyil. Rəbb demir ki,”sən günahkarsan
və lənət altında yaşayacaqsan”. O istəyir ki,bizə azadlıq versin. Çünki hamı günah
edib və Rəbb Allahın izzətindən etdiyi günahlara görə özünü məhrum ediblər. Amma
Rəbbin lütfü var. Rəbb Allahın lütfü sənə İsa Məsih vasitəsi ilə aşkar edilərək 
səni günahdan satın alır və sənə salehliyi hədiyyə kimi verir. Romalılara məktub
3:25:”İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki,iman edənlərin günahları Onun 
qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli
olub qabaqca edilən günahları cəzasız qoymuşdu.” Sən bu günə qədər etdiyin günahların
əvəzini ödəməmisən. Çünki Rəbb Allah sənin günahlarının hesabını tutmaq və xəstəlik
içində yaşamağını istəmir. Rəbb sənin yaşamağını istəyir,ona görə də İsanı kəffarə
qurbanı olaraq təqdim etdi. Kəffarə qurbanı – Rəbbin sənin əvəzinə,sənin yaşamağından
ötrü Oğlunu sənin günahlarının bağışlanmasına görə əvəzedici qurban kimi təqdim 
etməsidir. İnsanlar hər dəfə günahlarının bağışlanması üçün təqdim etdikdə qurbanı
qanını axıdırlar ki,öz qanları axıdılmasın. Bu,qurbanın mənasıdır. Qurban kəsildikdə
həmin qurban əvəzedici,yəni kəffarə qurbanıdır. Hər dəfə qurban təqdim edən insanın
düşüncəsi belə olmasa da,hərəkətinin mənası budur. Çünki insan yaşamaq istəyir. 
Rəbb Allah deyir:”Mən sənin əvəzinə Öz Oğlumu qurban verdim ki,sən yaşayasan,həyatdan
kam alasan,xoş günlər görəsən,salehliyi hədiyyə alaraq əbədi həyata qovuşasan.” 
İsa Məsih sənin üçün verilən əvəz qurbanıdır,kəffarə qurbanıdır. Bu qurban vasitəsi
ilə Rəbb Allah səni tamamilə azad etdi və sən İsa Məsihdə satın alınmağa nail oldun.
Satın alınmaq – etdiyin günahların nəticəsinin aradan qaldırılmasıdır. Sənin imanın
vasitəsi ilə günahın nəticəsi sənin həyatında bitdi. Çünki Məsih sənin günahının
əvəzini çarmıxda çəkdiyi iztirablarla ödədi. Azadsan,azad yaşa. Bir daha özünü günaha
qul etmə. Çünki səni azad edən Var Olan Rəbb Allahdır. Rəbb Allah bütün səhvlərini
düzəltdi,bağışladı, sənin günahlı həyatının nəticəsində olan bütün zərəri ödədi,
səni qəbul etdi. Rəbb sənin daxilinə sülh verərək Özü ilə sənin aranda sülh yaratdı.
Satın alınmağa görə sən günahlardan tamamilə azad oldun, saleh oldun. İsa Məsihin
kəffarə qurbanı sayəsində Rəbb Allahın ailəsinə daxil edildin. Rəbb Allahın Müqəddəs
Ruhunu aldın. Bunları Rəbb Allah sənin üçün etdi. Bunlar sadəcə sözdə deyil,Rəbb
həqiqətən Öz Oğlunu qurban verdi. Öz həyatına laqeyd olma. Rəbb Allahdan aldığın
bu ənama görə bayram et,sevin. İndiyə qədər bunu – satınalınma bayramını İsraildə
qeyd edirlər. Bu bayramda onlar deyirlər:”Biz satın alındıq,bizə görə bütün bədəl
ödənildi. Mən azadam. Azadlar kimi yaşayaq. Rəbb Allahın balaları kimi düşünək və
yaşayaq. Həyatdan kam almaq və xoş günlər görmək üçün Rəbbə daha yaxın ol. Ailənə,
balalarına Rəbb Allahın sözünü öyrət. Rəbb bunu sənin daxilində yerləşdirir. Duada
vaxt keçirin,yeni ayı Rəbb Allaha ehtiramla,minnətdarlıqla başlayın. İsa Məsih sənin
üçün öldü ki,sən yaşayasan. O,ölülər arasından 3-cü gün dirildi. Dirildi ki,sənin
nicata nail olduğunu sübut etsin. Rəbb əbədi həyatı sənə verir,hər şey ilə səni 
təmin edir. Rəbbin övladı kimi yaşa. Hər gün Onun kəlamını oxumaqla,duada Onunla
vaxt keçirməklə Rəblə olun. Hər yeni açılan sabah satınalınmağa nail olmağını qeyd
et. Bunun üçün dua et və Rəbb Allaha minnətdar ol. Rəbdən xeyir-dua istə ki,ömrün
boyu nəsihətində və iradəsində qalasan. Rəbb hər birinizə xeyir-dua versin.

**Müəllif:_ İdris Azəri_**