# Atamız Allahdan və Rəbbimiz İsa Məsihdən sizə lütf olsun.

- Ссылка: https://xilasinyolu.site/ru/dailybread/atamiz-allahdan-v%c9%99-r%c9%99bbimiz-isa-m%c9%99sihd%c9%99n-siz%c9%99-lutf-olsun/
- Опубликовано: 2021-09-06T23:42:11+04:00
- Автор: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Filiplərə məktub 1:2:”Atamız Allahdan
və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!” Hər gün,hər açılan sabahda Rəbb Allahın
lütfü sənin üçün artıq hazırdır. Hər yeni gündə Rəbb səni xeyir-dualandırır. Onda
olan sülh bizi tamamilə əhatə edir. Onun verdiyi lütf tükənməz və boldur. Yetər 
ki,sən ondan kam alasan və o lütfü başqa insanlarla paylaşasan.
 Filiplilərə 1:6:”
Əminəm ki,sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu
başa çatdıracaq.” Rəbb Allahın sözü deyir ki,səndə xeyirli iş başlandı. Bu xeyirli
iş İsa Məsihə pənah gətirdiyin gündən başlayır. Sən iman etdiyin andan etibarən 
Rəbb Allahın xeyirli işi başladı. Bil və əmin ol ki,Rəbbin sənin həyatında gördüyü
bütün işlər sənin xeyrinədir. Bəlkə bu gün üzləşdiyin hər hansısa xoşagəlməz hadisələr
var,ancaq əmin ol ki,səndə xeyirli işə başlayan Rəbb Allah onu sonlandıracaq. Rəbb
heç vaxt natamam etmir,O,başladığı hər işi yekunlaşdırandır. Bu,Rəbb Allahın bizə
olan münasibətidir. Bu xeyirli iş həyatımızda hər gün davam edir və Məsih zühur 
edəcəyi günə qədər başa çatacaqdır. Filiplilərə məktub 1:3-4:”Sizi hər dəfə yada
salanda Allahıma şükür edirəm. Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə
dua edirəm.” Paul məhz iman Etdiyinə əmin olduğuna,bələd olduğuna görə bilirdi ki,
O,başladığı işi sona çatdırandır. O,həmişə xeyir və yaxşılıq üçün çalışan Rəbb Allahdır.
Bu gün sənin üçün olan söz budur. Rəbb Allahın niyyəti və istəyi sənə yaxşıdır. 
Onun sənin həyatında gördüyü işlər əvəzolunmazdır. Əgər bugün hər hansı vəziyyəti
başa düşmürsənsə, hansısa məsələ sənin üçün aydın deyilsə,əmin ol Rəbb Allahından,
güvən Ona və onunla danış və de:”Ya Rəbb,bugün olanlar mənim üçün çətindir. Amma
mən Səndən əminəm. Mən bilirəm ki,Sən ancaq xeyirli işlər görürsən,istəyirsən ki,
insan yaşayan can olsun,həyatdan kam alsın. Sənə güvənirəm. Sənin işin mənim üçün
faydalıdır.” Rəbb Allahın qarşısına gəlib ehtiyaclarını bildirdikdə sevinə-sevinə,
minnətdar olaraq bildir. Ətrafında olan insanlara görə Rəbbə minnətdar ol. Sevin,
çünki Rəbb Allah başladığı işi başa çatdırandır. Yarımçıq qoymayacaq,tərk etməyəcək,
tək buraxmayacaq. Hardan yaranır bu əminliklər Paulda? O bilir ki,Rəbb Allah kimdir
və Onun münasibəti necədir. Müqəddəs Kitabı oxu. İman qəhrəmanlarının həyatını araşdır
və görəcəksən ki,Rəbb Allah onlarda başladığı işi başa çatdırdı,tamamladı,verdiyi
vədləri yerinə yetirdi. Sənin üçün də bunu edəcək və təminat verəcək. İman etdiyində
əmin ol. Filiplilərə məktub 1:5:”Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik
oldunuz.” Rəbb Allahın sözü deyir ki,sən iman etdiyin Müjdəni özündə gizlətmədin,
yaymağa başladın. Ailənlə, dostlarınla bölüşdün və Müjdə işində öz payını götürdün.
Buna görə də əmin oluruq, çünki bu,Rəbb Allahın işində özünə pay götürməyində bəlli
olur. Sən ancaq özün haqqında düşünən insanlardan deyilsən. Rəbb Allahın yaxşılığını
bilərək bunu öz ailənlə,yaxınlarınla,dostlarınla bölüşürsən ki,sən tanıdığın insanlar
da dadsınlar və bilsinlər ki,Rəbb Allah yaxşıdır. Filiplilərə məktub 1:9:”Dua edirəm
ki,məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın,siz Məsihin
zühur edəcəyi gün pak və nöqsansız,Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn
salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.” Paul
dua edir və bilirdi ki,Rəbb Allahın qarşısında pak və nöqsansız bol bəhrəli olmağınız
üçün məhəbbətdə böyüməyiniz lazımdır. Məhəbbətimiz birlikdə böyüyəcək,bu isə oxumaq
və təcrübə ilə əldə ediləndir. Bu mənbəyi isə Müqəddəs Kitabdan götürə bilərik. 
Rəbb Allahın iradəsi,gördüyü işlər haqqında Müqəddəs Kitabdan oxumaqla biliyimiz
artır. Biliyinin artmağı ilə məhəbbətdə inkişaf edəcəksən,çünki Rəbb Allah məhəbbətdir.
Hər cür dərrakə və qavrama ilə Rəbbin məhəbbətində iştirak edəcəksən. Rəbb Allahın
məhəbbətində iştirak etməyin, həmin yolla getməyin səni pak,nöqsansız və bol bəhrəli
edəcəkdir. Bunu Rəbb Allah səndən istəyir. Səndə xeyirli işə başlayan Rəbb Allah
sənin iştirakını istəyir. İstəyir ki,hər birimiz öz payımızı götürək,inkişaf edək
Onun məhəbbətində. Bu,Rəbb Allahın Müjdəsini verməkdə sənin şərikliyindir. Məhəbbət
yalnız şirin və xoş sözlər demək deyil. Bu barədə Müqəddəs Kitabda yazılıb.1 Korinflilərə
məktub 13:4-8:”Məhəbbət səbirli,xeyirxahdır. Məhəbbət paxıllıq etməz,öyünməz, lovğalanmaz,
kobudluq etməz,öz xeyrini güdməz,hirslənməz,ona edilən pislikləri sayıb-hesablamaz.
Məhəbbət haqsızlığa sevinməz,həqiqətə isə şadlanar. O hər şeyə qatlaşar,hər şeyə
inanar,hər şeyə ümid bəsləyər,hər şeyə dözər.” Bunda tərəqqi və inkişaf et, bütünlüklə
səy göstər. Allah adamı bu cürdür,çünki onu çağıran Var Olan Rəbb Allah Özü belədir.
O,səbirli və xeyirxahdır, xeyir-dua verəndir və verdiyi xeyir-duaya görə sevinəndir.
Rəbb Allah insana qarşı heç vaxt pislik etmir. Sənə edilən işlər xoşagəlməz olsa
da,hesabını tutma ki,bir gün qisas alasan. O,lovğalanmır və paxıllıq etmir,sən də
bu cür insan ol. Bu,sənin Müjdə işində iştirakındır. Sənin Müjdən yalnız “Allah 
səni sevir” cümləsi ilə bitmir. Münasibətin,davranışın buna bir sübutdur. Müjdə 
yalnız sözlərlə deyil,insanlara olan münasibət və həyat tərzin ilə təsirə malik 
olur. Bu cür sev,çünki Məsih səni bu cür sevdi. Qoy Rəbb hər birinizə xeyir-dua 
versin.

**Müəllif:_ İdris Azəri_**