# Qadınlara məsləhət

- Link: https://xilasinyolu.site/qadinlarameslehet/qadinlara-meslehet1/
- Published: 2021-08-23T21:17:35+04:00
- Author: thecasper

**Müqəddəs Kitab, 27-ci Məzmur  1-2 ayələr Davudun məzmuru. Rəbdir nurum,qurtuluşum!
Mən kimdən qorxum?  Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?**

**Zəbur 27, **Məzmur 27

**“Davudun məzmuru.”**

^(1)Rəbdir nurum, qurtuluşum!

Mən kimdən qorxum?

Rəbdir ömrümün qalası,

Mən kimdən vahimələnim?

^(2)Ətimi yemək üçün hücum edən şər adamlar –

Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.

^(3)Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz,

Mənimlə döyüşsələr də, arxayınam.

^(4)Rəbdən bir arzum, bir istəyim var:

Bütün ömrüm boyu Rəbbin evində yaşayım,

Məbədində Rəbbin camalına baxım,

Ona pərəstiş edim.

^(5)Dar gündə məni çardağında gizlər,

Çadırının örtüyü ilə örtər,

Qaya başındakı yüksək yerə gətirər.

^(6)İndi ətrafımdakı düşmənlərimin üzərində

Qələbələr çalacağam,

Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm,

Onu ilahilərlə tərənnüm edəcəyəm.

^(7)Ya Rəbb, dinlə, Səni çağırıram,

Lütf edib mənə cavab ver.

^(8)Sən dedin: «Üzümü axtarın».

Ya Rəbb, mən Sənin üzünü axtarıram.

^(9)Üzünü məndən gizlətmə,

Qulunu qəzəblə qovma.

Mənə Sən kömək etmisən,

Məni atma, tərk etmə,

Ey məni qurtaran Allahım!

^(10)Ata-anam məni atsa belə,

Rəbb məni qəbul edər.

^(11)Ya Rəbb, yolunu mənə öyrət,

Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.

^(12)Məni düşmənlərin əlinə salma,

Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.

^(13)Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm,

Buna şübhəm yoxdur.

^(14)Rəbbə ümid bağla!

**Möhkəm və cəsarətli ol!**

**Rəbbə ümid bağla!**
