# Allah kimdir?

- Link: https://xilasinyolu.site/faqs/allah-kimdir/
- Published: 2021-08-23T23:18:00+04:00
- Author: thecasper

Әziz dost! Mən əminəm ki, sizin ilk sualınız bu olacaq: ‘Məsihçilər Allah haqqında
nə fikirləşirlər?’ Hər hansı dində əsas ideya Allah haqqında ideyadır. Bilirəm ki,
bəzi cahillər sizə məsihçilərin üç allaha sitayiş etdiklərini söyləmişlər. Hətta
bəziləri zənn edirlər ki, biz xaça, insan şəklinə (ikonaya) də sitayiş edirik. Sizi
inandırıram ki, bu məlumatlar yanlışdır. Әsl məsihçilər həmişə Yeganə həqiqi Allaha
inanmışlar, lakin kimsə başqa allahlara da sitayiş edirsə, onda belə adam möhkəm
yanılmış və səhvə yol vermişdir. Allah əmrinin hansının ən böyük olduğunu İsa Məsihdən
soruşanda O belə cavab vermişdi: ‘Әmrlərin ən birincisi: Dinlə, ey İsrail! Allahımız
Rəbb, bir olan Rəbbdir. Və Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün
düşüncənlə və bütün qüvvətinlə sev. Budur birinci əmr’ (Mark:12:29,30). Allahın 
bütün peyğəmbərləri qədim dövrlərdən Allahın tək olduğunu elan etmiş və bütlərə 
sitayiş edənlərin hamısına müqavimət göstərmişlər.

Məsihçilərin etiqadına görə, Allah əvvəli və sonu olmadığı üçün əbədidir. Biz inanırıq
ki, Allah hər şeyə qadirdir. Bütün görünən və görünməyən, aşkar və gizli şeyləri
O Öz Kəlamı ilə yaratmışdır. Günəşi, ayı və saysız-hesabsız ulduzları seyr etdikcə
kainatın böyüklüyünü və möcüzəsini anlamağa başlayır və peyğəmbər Davud kimi ucadan
qışqırıb deyirsən: ‘Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini
elan edir’ (Məzmur 19:1). Allahın hikmət və qüdrətinin ululuğuna bax! Uzaq kosmosda
ən böyük günəşləri, Yerdə isə ən kiçik cücüləri yaradan Allah, həm də onları himayə
edir. Allah Qadirdir və lazım bildiyini etmək qüdrətinə malikdir. Onun dünya üçün
məqsədi var və bu məqsədini həyata keçirməkdə Ona heç nə mane ola bilməz. Biz inanırıq
ki, Allah həm böyükdür, həm də əzəmətli və müqəddəsdir.

Qədim zamanlarda çox allahlara itaət edən yunanlar və romalılara elə gəlirdi ki,
onların allahları da insanlar kimi aldadır, oğurluqla məşğul olur, öldürür, məhv
edir və başqa cinayətlər törədirlər. Lakin məsihçilərin Müqəddəs Kitabında Allahın
kamilliyindən, qüdsiyyət və paklığından, yəni Onun hər cür natəmizlikdən tamamilə
ayrılmasından çox yazılmışdır. Allah bəndələrindən biri gözü ilə gördü ki, bir neçə
səma məxluqu Allahın yanında Onu tərifləyərək deyir: ‘Var Olmuş, Var Olan və Gələcək
Küll-İxtiyar Rəbb Allah müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!’ (Vəhy 4:8) Buna 
görə də Allah Öz müqəddəs təbiətinə zidd olan iş görə bilməz. Məsələn, Allah aldada
bilməz, ədalətsizlik etməz. Allah, əlbəttə, insan kimi görünüşə malik deyildir. 
Onun üçün zaman və məkan məhdudiyyəti yoxdur. Hər zaman və hər yerdədir. Lakin bəzən
biz Allahın gözlərindən, əllərindən və yaxud ürəyindən danışanda həmin fiziki terminləri
ruhani mənada işlədirik. Allahın hər şeydən üstün və hamımızdan ölçüyəgəlməz yüksəklikdə
olmasına baxmayaraq, O bizə yaxındır. Buna görə də biz deyirik ki, Allah bizi gözləri
ilə seyr edir, əlləri ilə saxlayır, ürəyi ilə sevir.

Allahın bütün ayrılmaz cəhətləri bizim üçün böyük əhəmiyyət kəsb etsə də biz məsihçilər
olduqca minnətdarıq ki, itaət etdiyimiz Allah sevən Allahdır. Bu, çox mühüm keyfiyyətdir.
Müqəddəs Kitabda deyilir: ‘Sevməyən, Allahı tanımamışdır, çünki Allah məhəbbətdir’(
1Yəhya 4:8). Daha dəqiq desək, Allahın bütün düşünüb etdikləri məhəbbətdən doğmuşdur.
Allah Öz məhəbbətini insanlara yağış, günəş nuru, yemək, içmək və geyim, bir sözlə,
onların dünyada yaşaya bilmələri üçün lazım olan bütün şeyləri göndərməklə izhar
edir. Allah Öz məhəbbətini Onun barəsində bizimlə danışacaq peyğəmbərləri bizə göndərməklə
də ifadə edir. Onun məhəbbətinin ən böyük ifadəsi göndərdiyi Xilaskardır. Bu barədə
bir qədər sonra danışacağam. Allah yaratdıqlarının hamısını sevir və hamıya xeyirxahlıq
diləyir. Davud peyğəmbər Allahın ona olan qayğısını belə ifadə edir: ‘Rəbb mənim
çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular 
kənarında gəzdirir. Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolu ilə aparır’(
Məz. 22:1-3).

Təbiidir ki, Allah Onu sevənləri və Ona itaət edənləri sevir. Bəs Ona itaət etməyənləri
O sevmirmi? Əlbəttə, Allah müqəddəs olduğundan yaxşı olan hər şeyi sevir, hər cür
pisliyə isə nifrət edir. İnsanların etdiyi qanunsuzluğa da Allah nifrət edir. O 
onlara qəzəblənir. Davud Allaha dedi: ‘Təkəbbürlülər hüzurunda dayana bilməz, bütün
şər iş görənlərə nifrət edirsən’ Məz. 5:5). Allah Ona itaət etməkdən boyun qaçıranları
və pislik edənləri cəzalandırmaqla, pisliyə Öz nifrətini göstərir. Müqəddəs Kitabı
oxuyarkən görürük ki, Allah Ona qarşı çıxan və tövbədən imtina edən, yəni gördükləri
bəd işdən təəssüflənməyən və pis əməllərindən əl çəkməyən ayrı-ayrı adamları, eləcə
də, bütöv bir xalqı necə məhv etmişdir. Fəqət, izin ver ecazkar həqiqətdən sizə 
söz açım. Hətta Qanunu pozanlara Allahın nifrət etməsinə baxmayaraq, O onları günahlardan
xilas etmək istəyir. Allah onları ata öz oğlunu sevən kimi sevir. Allahın günahkarlara
olan bu qəribə məhəbbəti ata-anasına ağ olmuş oğul haqqında Məsihin söylədiyi ibrətamiz
rəvayətdə aydın göstərilmişdir.

Hələ atasının sağlığında mirasa yiyələnmiş oğul ata evini tərk edərək bütün pulları
mənasız yerə xərcləyir. Artıq heç nəyi qalmayanda və az qala acından öləndə, O, 
atasının yanına qayıtmağı və günahlarını etiraf etməyi qərara alır. Oğlunu uzaqdan
görən ata onun qarşısına qaçır və onu qucaqlayıb öpür. Ata oğlunun qayıtması şərəfinə
ziyafət verir. Atası oğulu hədsiz sevdiyindən onu bağışlayır və yolunu azmış fərsiz
övladını sevinclə qarşılayır. İsa Məsih dedi ki, Allah da onun qarşısında günahı
olanları beləcə sevir (Luka 15:11-24). Әziz dostum, Allahın bizi sevib əfv etməsi
barəsində biz günahkarlara xoş Müjdə verilir. Ona tərəf qayıtmaq istəyəndə O bizi
qəbul etməyə hazırdır.

Müqəddəs Kitabda Allahın Qadir, Rəbb, Yeqova (qüdrət Allahı), Ölməz, Həqiqi, Haqq-
Təala, Bir Müqəddəs, Bir Mömin, Padşah, Hakim, Yaradan, Xilaskar və Öz xalqının 
Çobanı kimi adlarını görürük. Lakin Allahın biz məsihçilər üçün ən əziz adı Səmavi
Atadır. İsa Allah haqqında danışanda Ona ‘Ata’ demiş, şagirdlərinə ibadət zamanı:‘
Buna görə siz belə dua edin: ‘Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun’ (
Matta 6:9) – deyə öyrətmişdir. Allahın mənəvi övladı olmaqdan və Allah-Təala tərəfindən
sevilməkdən böyük imtiyaz ola bilərmi?! Bu yüksək imtiyazı Allah İsa Məsihə itaət
edən hər kəsə vermişdir. Yəqin bu məqamda bilmək istəyəcəksiniz ki, məsihçilər ‘
Müqəddəs Üçvahidlik’dən danışanda nəyi nəzərdə tuturlar. Bir qədər səbr et. Bir 
azdan mən bu mühüm doktrinanı izah edəcəyəm.

İman Yolu(Yusif Miller)
