# Rəbb Allahın üzünü axtarın

- Link: https://xilasinyolu.site/dailybread/r%c9%99bb-allahin-uzunu-axtarin/
- Published: 2021-09-06T23:49:20+04:00
- Author: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Bazar günündə adəti üzrə İsa Məsihə
iman edənlər bir araya gəlirlər. Günahları bağışlayıb bu həyatda yaşamaq üçün vədləri
ilə zənginləşdirən Rəbbi tərənnüm etmək üçün ilahilər oxuyurlar. Bu gün insanlar
həyatları haqqında şəhadət edərək Rəbb Allahın sözü haqqında düşünürlər.
 Zəbur 
24:1-2:”Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar. O,
yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı.” Davud Peyğəmbər
deyir ki,dünyanın yaradanı Rəbdir. O,həyat verdi və hər şeyi insanlar üçün yaratdı.
Rəbb Allah hər şeyi yaradaraq biz insanlara verdi ki,Rəbbin möhtəşəmliyini görüb
Ona tərənnüm edək. Bu dünyada yaşayaraq Rəbbin zənginliyini görərək Ona sarı gələk.
Rəbb istəyir ki,Onun yaratdığı hər bir bəndə Ona tərəf dönsün. Baxın təbiətin zənginliyinə,
gözəlliyinə – Yaradan Rəbb Allah da elədir. Təbiətin fərqliliyi və gözəlliyi,fəsillərin
dəyişməsi, gecənin gündüzlə dəyişilməsi – bunların hamısı Rəbb Allahın ürəyinin 
zənginliyindən xəbər verir. Rəbbə sarı gəl. Zəbur 24:3-6:”Rəbbin dağına kim çıxa
bilər? Müqəddəs məskəninə kim girə bilər? Əlləri pak,qəlbi təmiz, Hiyləyə könül 
verməyən, Yalandan and içməyən insan. O,Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan
salehlik alacaq. Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar.” Axtar
Rəbbin üzünü. Rəbb Allah Müqəddəs Kitabı bizə ondan ötrü verib ki,biz orada Rəbb
Allahın üzünü axtarmağı bacaraq. Biz Müqəddəs Kitab vasitəsi ilə Rəbb Allah bizə
bütün zənginliyini açıqlayır. Onun üzünü axtardıqda Xilaskarın Rəbb sənə salehliyi
verəcək,sənə bərəkət verəcək. Rəbb Allahın qarşısına gəlməkdə,Ona güvənməkdə nə 
sənin qabağını alır? Zəbur 24:7-10:”Ey darvazalar,başlarınızı qaldırın, Ey qədim
qapılar,açılın, Əzəmətli Padşah içəri daxil olsun! Bu əzəmətli Padşah kimdir? – 
Odur,güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb. Ey darvazalar,başlarınızı qaldırın,
Ey qədim qapılar,açılın, Əzəmətli Padşah içəri daxil olsun! Bu əzəmətli Padşah kimdir?–
Ordular Rəbbi, Odur əzəmətli Padşah! Rəbb Allahın sözü deyir:”Aç ürəyinin qapılarını
Rəbbin qarşısında,çünki O, əzəmətli Padşahdır. O,sənin həyatının dəyişilməyini,xeyir-
dua almağını istəyir. Rəbb Allahın qarşısında ürəyini aç və çağır. Yaradanın sənə
cavabı mütləq olacaq. Sənin ürəyini narahat edən,məyus edən nədir? Rəbbi çağır,Onu
soraqla. Rəbb bizə salehlik,şəfa verəndir. Onun üzünü axtar, Ondan arzula və istə.
Rəbb uzaq deyil, çağıranda cavab verəcək. Rəbb Allah bu dünyanı yaratdısa,bizim 
qayğımıza da qalacaq. Səni şübhə içində saxlayan, tərəddüd etdirən,qorxudan nədirsə,
Rəbb Allahın qarşısında bu mövzunu aç və Ona de. Rəbb yaxşıdır. Yaqub 5:13-də yazılıb:”
Aranızda əzab çəkən varmı?” Rəbbin sözü bizdən bunu soruşur və bu vəziyyəti nə qədər
davam etdirmək istəyirsən? Nə qədər səni incitsin, narahat etsin? Nəyə görə həyatdan
kam ala bilmirsən? Əzəmətli Padşah sənin həyatının içərisinə,ürəyinə,ailənin içinə
daxil olmaq istəyir. Rəbb Allahın üzünü axtar. Yaqub 5:13:” Aranızda əzab çəkən 
varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun. Aranızda xəstə olan varmı?”
Rəbb səndən soruşur bunu. Nə vaxta qədər bu xəstəliyi yaşamaq istəyirsən? Nə vaxta
qədər əzab çəkmək istəyirsən? Ordular Rəbbi sənə çıxış yolu,sənin nə etməli olduğunu
deyir. Yaqub 5:14:”Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar
da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq
və Rəbb onu ayağa qaldıracaq.” Bugün xəstəliyin var? İmanlılar cəmiyyətinin ağsaqqallarını
çağır. Məsihçilər arasında xidmət edənlər haradadırsa,axtar onları. Çünki Rəbb Allahın
sözü sənə bunu deyir. Azad olmaq üçün qədim darvazalarını – qorxunu,şübhələrini,
əminsizliklərini aç. İmanlılar cəmiyyətinin ağsaqqallarını çağır ki,gəlib sənin 
üçün dua etsinlər. Rəbb Allah Yerin və Göyün – hər şeyin təməlini qoyandır,bizə 
Öz sözünü verəndir. İmanla edilən dua xəstəni ayağa mütləq qaldıracaqdır. Rəbb Allahın
sözü bizə Rəbbə sarı gəlib Ona güvənməyə,etibar etməyə çağırır. Susma və Rəbbi çağır.
Əzəmətli olan Rəbb Allah deyir ki,Onu soraqlayaq,mütləq bizə cavab verəcək. Çağır
Rəbbi. Qoy Rəbb hər birinizə xeyir-dua versin,biz Rəbbə inanaq. Çünki iman xəstəni
ayağa qaldırır,dəyişikliklər,rifah gətirir. İman dağları yerindən tərpədəndir. Müqəddəs
Kitabda yazılıb ki,İlyas da bizim kimi idi. İlyas dua etdi ki,yağış olmasın. Üç 
il altı ay torpağa yağış yağmadı. Sonra İlyas yenidən Rəbbi soraqladı,Onu çağırdı
və yenidən yağış yağdı. Saleh adamın duası çox güclü və təsirlidir. Ehtiyaclarını
Rəbbə söylə. İman vasitəsi ilə Rəbb sənə güc verdi,çünki sənin imanın Ordular Rəbbinə,
Yerin və Göyün Yaradanınadır,İsa Məsihədir. O,sənə görə Özünü qurban verdi ki,sən
yaşayasan,həyatdan kam alasan,xoş günlər görəsən. Onun vədləri gerçəkdir. Ona sığınan
və Ona ümid bəsləyən peşman olmayacaq. Rəbb səni azad etmək istəyir. Qoy Rəbb Allahın
sözünə görə sənin hərəkətin sənin həyatına nəticələr gətirsin. Yaqub 5:16:”Beləliklə,
günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki,sağalasınız.”
Həyatda münasibətlərini və davranışını xatırla. Pislik etmisənsə ağsaqqalları çağır,
qoy onlar səninlə bərabər Rəbb Allahı çağırsınlar və dua etsinlər. Şəfa tapacaqsan.
Müqəddəs Kitabda Rəbb Allahın sənə olan xoş niyyəti yazılıb. Axtar və Onu soraqla.
Bilirsən ki, nəyə görə Müqəddəs Kitabda bu sözlər yazılıb? Yerin və Göyün təməlini
qoyan Ordular Rəbbi,Əzəmətli Padşah,adı Məsih İsa olan səni sevir.

**Müəllif:_ İdris Azəri_**
