# Rəbb Allah bizim dözüm mənbəyimizdir

- Link: https://xilasinyolu.site/dailybread/r%c9%99bb-allah-bizim-dozum-m%c9%99nb%c9%99yimizdir/
- Published: 2021-09-06T23:24:44+04:00
- Author: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü biz insanlar
üçün hər vəziyyətdə və hər zaman həyatı dərk etməyə,Rəbbin iradəsini bilməyə faydalıdır.
Məhz buna görə də Müqəddəs Kitaba müraciət edib araşdırırıq ki,Rəbb Allahın bizə
verdiyi təlim və nəsihət ilə yaşayaq və Onun ürəyinə görə insanlar olaq. Biz Müqəddəs
Kitabda İbrahim,Musa, Davud haqqında oxuyuruq və onların həyat nümunəsi bir çoxları
üçün nümunədir. Çünki onlar həyatları boyu Rəbb Allahın iradəsinə görə hərəkət edən
insanlar oldular və Onun sözünü vacib,əvəzedilməz hesab etdilər. Sən də Rəbb Allahın
sözünü hər şeydən üstün tut.
 Romalılara 15:5-6:”Dözüm verən və ürəkləndirən Allah
Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki,hamınız birlikdə
və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.” Bir çox 
tərcümələrdə yazılıb ki,dözümün və ürəkləndirmənin mənbəyi olan Rəbdir. Müqəddəs
Kitab açıqlayır ki,bizim həyat boyu dözümümüzün və ürəkləndirmənin mənbəyi Var Olan
Rəbb Allahdır. O,səni Öz sözü vasitəsi ilə ürəkləndirir və ruhlandırır ki, zəif 
insan deyil,mətin və davamlı iman qəhrəmanı olasan. Rəbb Allahın sözü deyir ki,Rəbb
gerçək dözüm mənbəyidir. Əlbəttə ki,həyatımızda müəyyən çətinliklər, xoşagəlməz 
hallar olacaq. Səni ruhdan salmağa,utandırmağa,məyus etməyə çalışacaqlar. Dözüm 
sənə məhz belə çətinliklərdə lazımlı olacaq. Susayanda su içmək və ya acıyanda yemək
yemək normal hal olduğu kimi,üzləşdiyin problemlərdə deyingən,ruhdan düşən,şikayət
edən insan olmaq yox,Rəbb Allaha yaxınlaşmaq da təbiidir. İman qəhrəmanları siyahısında
olan Davud Peyğəmbər Zəbur 62:1-2-də belə deyilir: “Susan qəlbim yalnız Allahı gözləyir,
Ondadır qurtuluşum. Yalnız Odur qayam,qurtuluşum, O mənim qalamdır,mən əsla sarsılmaram.”
Rəbb Allahın ürəyinə görə yaşayan Davud bu sözləri deyir. Sənə qarşı həqarət edən
insanlar qarşısında nə edirsən? Yenilirsən? Rəbb sənə deyir:”Mən sənə ürək-dirək
verənəm.” Davud Peyğəmbər də eyni cür insan idi. Ona qarşı olan,təqib edən,özü ilə
ordu yığıb onu öldürmək niyyətində olan Şaul kimi güclü şəxs var idi. Davud isə 
bütün bunların qarşısında yalnız Rəbbi qurtuluş bilib Onu gözləyirdi. Güvən Rəbb
Allahına. Rəbdə qal ki,O,səni müdafiə etsin. Məyus olub ruhdan düşmək sənə fayda
verməyəcək. Sənin Rəbb Allahın sənə deyir ki,Onunla olaq və O bizə sarsıntı verməz.
Bu fikirdə həmfikir olmalıyıq və Rəbb Allaha bu cür yaxınlaşmalıyıq. Var Olan Rəbb
Allah bizim dözüm mənbəyimizdir, qorxmayacağıq, çünki Külli-İxtiyar bizimlədir. 
Bu həyat tərzi və yanaşma bizi Öz izzətinə çağıran Ata Allaha alqış etmək və izzətləndirmək
üçündür. Mətanətli və səbrli ol,yenilmə və sarsılma. Tənha və ya tək deyilsən,üzləşdiyin
problemlərdə yalnız deyilsən,hər problemdə və çətinlikdə Rəbb səninlədir. Rəbbi 
səslə. Rəbb Allahın ürəyinə və sözə görə hərəkət et,Onun tərbiyəsinə görə insan 
ol. Romalılara məktub 15:7-9:”Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın
izzəti üçün bir-birinizi qəbul edin.” Bir-birinizə olan münasibətiniz rəqabət,döyüş
deyil,bir-birinizə dəstək vermək və ruhlandırmaq olsun. Qoy səndən başqasına yalnız
xoş niyyət,sevgi,mərhəmət keçsin. Həvari Paul bu fəsildə bildirir ki,o Rəbb Allahın
vədinə sadiq olduğunu göstərmək üçün Yəhudilərin xidmətçisi olub. Rəbb Öz vədinə
sadiqdir. Rəbb sənə yanında olduğunu deyirsə,O sadiqdir. Rəbb Allaha bağlan və Onun
ürəyinə görə insan ol. Qoy sənin niyyətində Rəbb Allahın xoş iradəsi aşkar edilsin.
Romalılara məktub 15:9:”Necə ki yazılıb: «Buna görə millətlər arasında Sənə şükür
edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm».” Qoy bu düşüncə ilə ömrümüz boyunca yaşayaq.
Var Olan Külli-İxtiyar bizim dözüm mənbəyimizdir. Çətinliklə qarşılaşdıqda Rəbbə
sarılacağam. Çünki O,bizim qayamız və qurtuluşumuzdur. Buna görə də dostlarım,qohumlarım,
Rəbb Allahın cəmiyyəti arasında Rəbbə şükür edəcəyəm və isminə tərənnüm söyləyəcəyəm.
Bu, Rəbb Allahın ürəyinə görə olan həyat tərzidir və Rəbb səndən bunu gözləyir. 
Ona güvən və etibar et. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

**Müəllif:_ İdris Azəri_**
