# Müqəddəs Kitab İncil – Paulun Romalılara Məktubu 3:1-20

- Link: https://xilasinyolu.site/dailybread/muqeddes-kitab-incil-paulun-romalilara-mektubu-3-1-20/
- Published: 2023-08-05T11:56:19+04:00
- Author: rmzsmyl

##### **Paulun Romalılara Məktubu**

**Allahın sədaqəti**

1. Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir?
 2. Hər cəhətdən
böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
3. Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı
Allahın sədaqətini ləğv edə bilər? 4. Əsla! Bütün insanlar yalançı olsa da, Allah
haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərində haqlı çıxacaqsan, Mühakimə etdiyin
zaman qalib gələcəksən». 5. Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə
çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə
qəzəbini gətirən zaman haqsızdırmı? 6. Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür
necə mühakimə edə bilər? 7. «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət
gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa
bilərlər. 8. Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə
bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər
haqlı olaraq cəza alacaq.

**Saleh olan yoxdur**

9. Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq 
həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü
altındadır.
 10. Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur. 11.
Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur. 12. Hamısı yoldan azıb, Onlardan
fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur». 13. «Boğazları açıq qəbirdir,
Dilləri yalan danışır». «Dodaqlarında gürzə zəhəri var». 14. «Ağızları lənət və 
acı sözlərlə doludur». 15. «Ayaqları qan tökməyə tələsir, 16. Yollarında viranəlik
və fəlakət var, 17. Əmin-amanlıq yolu nədir, bilmirlər». 18. «Onların gözündə Allah
qorxusu yoxdur». 19. Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında
olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz
qalsın. 20. Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq.
Çünki Qanun vasitəsilə günah dərk olunur.

**[Dinlə](https://on.soundcloud.com/ofKca) – ****İdris Məmmədov**
