# Məsihdə seçilməyimizin səbəbləri mövcuddur

- Link: https://xilasinyolu.site/dailybread/mesihde-secilmeyimizin-sebebleri-movcuddur/
- Published: 2021-08-09T21:33:24+04:00
- Author: thecasper

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizim üçün
gündəlik verilən çörəkdir. Hər gün bir ruhumuzu Rəbdən gələn sözlə doldururuq ki,
Onun haqqında olan düşüncə bizdə gün boyu olsun. Rəbbin sözü haqqında olan düşüncə
Rəbb Allahın ürəyinə görə hərəkət etmək istəyən və yaşayan insana yaraşandır. Əgər
sən ömrün boyu Rəbb Allaha xidmət etməyi hər şeydən üstün tutursansa və Onu izzətləndirməkdən
zövq alırsansa,gündəlik Rəbbin sözü ilə ürəyini doldurmalısan ki,Onun sözündən gələn
təminat da səni qüvvətli,qabiliyyətli və bacarıqlı etsin. Çünki Rəbb Allah Özü çağırdığı
adamlara bacarıq və qabiliyyət verir ki,Onun işində xeyir gətirən olsunlar. Qarşımızda
yeni mövsüm gəlir və istəyərdim ki,bu mövsümün başlanğıcında Rəbbin sözü bizə güc,
qüvvət,təminat versin və biz kimə iman etdiyimizi,xidmət etdiyimizi bilək.
 Efeslilərə
məktub 1:2:”Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!” Amin,
olsun. Müqəddəs Kitabda ayənin başlanğıcında məhz belə yazılıb: İsa Məsihə iman 
edən hər kəsə lütf və sülh olsun. Rəbb Allah istəyir ki,Ondan gələn lütf Məsihə 
iman edənlərin həyatında olsun. Rəbb Öz sülhü və lütfü ilə əhatə edəndir. Lütf –
Rəbb Allah haqqında düşüncəyə malik olmağa kömək edəndir. Lütf hətta iman etməyən
insanların həyatında fəaliyyət göstərir və iman etdikdən sonra olan düşüncələri 
insan beynində formalaşdırır ki,həmin insan da Rəbb haqqında düşüncəyə malik olsun.
Lütf – Rəbb Allaha iman etmək və Onun iradəsini həyatında qəbul etmək üçün fəaliyyət
göstərir. Lütf Müqəddəs Ruh vasitəsi ilə həyatımızda fəaliyyət göstərir. Lütf Rəbb
Allaha iman edən hər bir kəsdə Ona güvənmək və salehlərin yolu ilə getmək üçün bizə
kömək olur. Müqəddəs Kitabda deyir ki,qoy bu lütf səndə bol olsun. Rəbbə Ona etibar
etmək,güvənmək,günahdan xaric həyat yaşamaq üçün sənə Öz lütfünü verir. Səni təmin
edir ki,bu yolda mətin, dönməz və sadiq olasan,bütün varlığınla Rəbbə etibar edib
Ona arxalanasan. Lütf Rəbb Allahdan güc almaq üçün bizə təminat,qabiliyyət,bacarıq
verir ki,Ona xidmət edəsən. Lütf ənamları xidmət etmək üçün verir ki,sən yararlı
və bacarıqlı insan olasan. Məhz Rəbb Allahdan aldığımız lütfə görə Müqəddəs Ruh 
ənamları iman edənlərə paylayır. Lütf sənə güc verir ki,doğru və Rəbbin iradəsinə
uyğun qərarlar verəsən. Bu qərarlar sənin həyatın üçün yaxşıdır,sənə adları Müqəddəs
Kitaba düşmüş iman qəhrəmanlarının həyatına uyğun yaşamaq üçün faydalıdır. Məhz 
buna görə də Rəbb Ona iman edənlərə Öz lütfünü verir. Müqəddəs Kitab deyir ki,O,
sənə sülhünü verir. Sülh – Allahla bəndə arasında olan barışıqdır. Bu barışığı bəndə
özü yarada bilmir. Bu barışıq sözünü Rəbb verdi, Yəhyanın Müjdəsi 3:16-da deyildiyi
kimi, Allah dünyanı elə sevdi ki,vahid Oğlunu verdi. Bu barışıq Müjdəsinə görə Rəbb
Allahla sülhümüz var,çünki Məsihə iman etmişik. Rəbb Allahla sənin aranda sülh var
və bu sülh sazişini imzalayan Rəbb Allahdır və Onun iştirakçısı Məsih İsadır. Səni
təqdis etdiyi,günahdan azad edib səni Onun balası etdiyi üçün dincliyin,sakitliyin
var. Məhz Rəbb Allahın sülhü ilə iman edənlərin düşüncəsi və ürəyi Məsih İsada sabit
saxlanılır. Rəbb Allahdan gələn sülh səni Məsih kimi,Onun düşüncə tərzində fikirləşməyə,
Onun iradəsinə görə istəməyə səni yönəldir. Rəbb Allahın sülhü səndə fəal olduğuna
görə doğru qərarlar verə bilirsən və doğru şeylər istəyirsən. Rəbdən hər birinizə
lütf və sülh davamlı olsun. Bu davamlıdır,Rəbb bunu gündəlik olaraq bizə verir. 
Efeslilərə məktub 1:3:”Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən
Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun!” Rəbb Allah iman edənləri ömür
yaşayıb xoş günlər görmək üçün hər şey ilə təmin edir. Rəbb təmin edəndir. Rəbb 
təmin edir ki,sən düşdüyün çətin vəziyyətdə aciz insan olmayasan. Rəbb səni nələr
vasitəsi ilə təmin etdi? 1. Müqəddəs kəlamı və Öz sözünü verdi. Rəbb bu sözləri 
anlamaq üçün Müqəddəs Ruhu verdi. Sən Rəbb Allahın yaşayan sözünə – Müqəddəs Kitaba
maliksən. Bu sözlər sadəcə sözlər və cümlələr toplusu deyil,insanın aqibətini dəyişdirməyə
malikdir. Zülməti nura,yoxluğu varlığa çevirmək,insanlara xeyir-dua,sevinc və sülh
gətirmək üçün təsirli olan sözlərdir. Rəbb Öz kəlamını sənə verdi,bu,Ondan sənə 
gələn ruhani nemətdir. Məhz o sözə görə mərhəmətə nail olmuşuq və mərhəmət edirik,
şəfa alırıq,barışırıq,sülhə malik oluruq,sevirik və sevilirik. Ona görə də biz Rəbb
Allahın sözünü vəz edirik,Onun sözünü bəyan edirik. Çünki Rəbbin Allahın sözü güclü
və təsirlidir. Rəbb səni ruhani nemətlə təmin etdi,O,Öz sözü vasitəsi ilə kainatı
yaratdı. Bu sözü sənə verdi ki, həyatını Rəbb Allahın sözü ilə qurasan. Qoy Onun
sözü səndə fəal olsun,çünki O,sənə güclü təminat verəndir. 2. Rəbb Müqəddəs Ruh 
vasitəsi ilə ruhani həyat yaşamaq üçün ənamlar payladı və sənə qüvvət verdi. Bu,
Rəbb Allahdan gələn təminatdır. Rəbb sənə Müqəddəs Ruhunu verdi və Onun vasitəsi
ilə də səni zənginləşdirdi ki,Ona xidmət edəsən. Rəbb səni qüvvətləndirdi ki,əzilməyən,
büdrəməyən insan olasan. Rəbbin qüdrətinə görə güclü və bacarıqlısan, qarşına qoyduğun
məqsədə çatmaq üçün sənə təminat var. Rəbb Allaha xidmət etmək üçün,ailənə xidmət
etmək üçün səndə qüvvət var. Rəbb sənin ürəyini həlim saxlayır ki,Rəbb Allahın lütfünə
nail olasan. 3. Rəbbin sənə verdiyi ruhanı nemətlər dünyada qalıb məhv olmamaq üçün
Məsih səni Öz cəmiyyətinə nail etdi. Cəmiyyətdə sənin qayğıya gələn insanlar var,
imanında inkişaf etmək üçün Rəbb Allah sənə qardaşlar və bacılar var. Rəbb Allahın
cəmiyyəti,Onun icması sənin üçün ruhani təminatdır. Rəbb səni Öz ailəsinə daxil 
etdi ki,bu dünyada tənha olmayasan,bacı-qardaşlarının əhatəsində olub qayğı görəsən
və qayğı göstərəsən,məhəbbətlə qarşılaşasan və məhəbbət göstərəsən, Rəbbin sözünü
öyrənib sən də başqalarına Onun sözünü çatdırmaqla xidmət edəsən. Rəbbin sənə verdiyi
təminata xor baxma, Müqəddəs Ruhuna və Onun cəmiyyətinə xor baxma. Səndə olan hər
bir fəaliyyəti, Müqəddəs Ruh vasitəsilə ilə olan bacarığı istifadə edərək Rəbbi 
yaşat,Onun sözü gerçək təminatdır. Ondan böyük və güclü heçnə yoxdur. Ona görə də
gündəlik Müqəddəs Kitabı oxuyuruq,cəmiyyətin bütün üzvlərinin qayğısına qalırıq,
heç bir pastora,bacı və qardaşlara zərər gətirmə, əksinə inkişaflarına kömək ol.
Efeslilərə məktub 1:4:” O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki,biz məhəbbətdə
Onun qarşısında müqəddəs və nöqsansız olaq.” Rəbbin sözü sənə bunu deyir. Sən seçilmisən
və seçilməyinin səbəbi var. 1-cisi Rəbb Allahın qarşısında hər gün ol. Onu gündəlik
səsləyən,Onun kəlamını yaşayan və yaşadan insan ol. Rəbbin sözü deyir ki, Rəbb Allah
hələ dünya yaranmadan səni seçdi ki,Onun qarşısında olasan və dinləyəsən. Hər zaman
gözlərin Onu axtarsın,qulaqların Onun səsini duymağa həssas olsun,dilin danışaraq
Onun məhəbbətini bəyan edən olsun. 2-cisi Müqəddəs həyat yaşa. Rəbb səni seçdi ki,
ömrün boyu müqəddəs olasan. Günahları bağışlanmış,əfv edilmiş insan kimi ömrünü 
yaşa. Bəraət qazanmış insan başqasında irad,nöqsan,günah axtarmır,azad insan kimi
azadlığının zövqünü al. Günahdan başqalarına zərər verməkdən uzaq olan bir həyat
yaşa. Rəbb Allahdan ruhani nemətlər alaraq xidmət et,həlim ürəklə yaşa və həyatdan
kam al. Allah haqqında düşüncəyə malik ol. 3-cüsü nöqsansız ol. Qoy sənin çatışmayan
cəhətin,qüsurun olmasın,qəbahətli işdə adın hallanmasın ki, səndə irad tutan olmasın.
Yəni başqalarına qarşı haqsız davranma,başqalarından sui-istifadə etmə,başqasının
pisliyini gözləmə. Qeyri-kamil olma. Haqsızlıq – şəxsən sənin üçün narahatçılığa
baxmayaraq,nəticəni və narahatçılığı bilərək hər hansı hərəkəti etmək üçün cəsarətdir.
Bu,sənin üçün Allahdan verilən cəsarətdir. Bəlkə sənin hər hansı qərarın sənə ziyandır,
məsələn,nə vaxt ki sən öz qürurunu sənə pislik edənə xeyir-dua verərək itirirsən.
Bunun üçün cəsarətli ol. Sənin haqqında pis söz danışan insanlara qarşı pislik etmə,
əksinə xeyir-dua verən ol,Rəbb istəyir ki,sənin bunun üçün cəsarətin olsun. Sevməyə
davam etmək,xeyir-dua vermək üçün cəsarətli ol. Əgər yuxarıda yazılanlardan özündə
nəsə əksik görürsənsə,dua et. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

**M****üəllif:_ İdris Azəri_**
